Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.
Belə ki, GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xocalı şöbəsinə (ünvan: Xocalı rayonu, Əsgəran qəsəbəsi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km-dən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlər çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.