“Aztelekom” MMC müştəriyə fokuslanan xidmət siyasətini həyata keçirərək təqdim edilən xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin rahatlığı və məmnunluğunu təmin etmək üçün müraciətlərin Avtomat Telefon Stansiyası (ATS) və filiallardan Çağrı Mərkəzi ilə yanaşı, müxtəlif onlayn platformalara yönləndirilməsi geniş şəkildə təşviq edilir. Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk yarısında qurumun saytı, müvafiq sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı vasitəsilə daxil olan 44000-ə qədər sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 69% çoxdur.
Həmçinin şirkətin 24/7 rejimində fəaliyyət göstərən “170” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk yarısında 500 mindən çox zəng emal edilib. Bu da ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 42% çoxdur.
Qeyd edək ki, “Aztelekom” dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşıdır.
2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 2,7 milyondan artıq ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9%-dən 92%-ə yüksəlib.
Cari ilin I yarımilində 2020-ci illə müqayisədə 13 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və ölkə üzrə bu ilin 6 ayında 26% daha çox təsərrüfat əhatə olunub.
Artıq ölkənin 30 rayonunda 90%-dən çox, 23 rayonunda 70-90% arası və digərlərində isə 65%-ə qədər təsərrüfatların genişzolaqlı internetə çıxışı təmin edilib.
Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Ölkəmizin genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlardakı göstəricisi əvvəlki aylarda olduğu kimi, müsbət dinamika ilə davam edir.
Belə ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti son 12 ayda artaraq orta hesabla 39,87 Mbit/s-ni keçib. Bu, illik sürətin 35% artımı deməkdir.