Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər

“Aztelekom” MMC-nin kollektivi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramını qeyd edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rabitə sahəsi üçün əlamətdar hesab olunan 6 dekabr tarixinin Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunduğu bildirilib.

“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində görülən işlərdən, o cümlədən şirkət tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əhəmiyyətindən danışaraq əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Peşə fəaliyyətində seçilən bir qrup əməkdaş ölkəmizdə telefon rabitəsinin yaradılmasının 143 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, 1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib.

Son illər ərzində “Aztelekom” ölkənin telekommunikasiya infrastrukturunu optimallaşdıraraq ənənəvi sabit telefonlardan ən müasir genişzolaqlı texnologiyaya qədər inkişaf yolu keçib. Şirkət yeni nəsil texnoloji avadanlıqlardan istifadə etməklə Azərbaycandakı telekommunikasiya şəbəkəsinin qlobal standartlara uyğunlaşmasını və yüksəksürətli əlaqəni təmin edir.

Axtarış

×