Telekommunikasiya sahəsi dünyada ən dinamik şəkildə inkişaf edən sahələrdəndir. Əhalinin internetə olan tələbatının qarşılanması və ən müasir texnologiyaların tətbiqi ilə mütərəqqi cəmiyyətlərlə aramızda olan “rəqəmsal uçurum”un aradan qaldırılması üçün ölkəmizdə son 20 ildə intensiv fəaliyyət göstərilib və müxtəlif irimiqyaslı layihələr icra olunub.
İnfrastruktur həllərin tətbiqi
Rəqəmsallaşma müasir dövrümüzün sürətlə inkişaf edən, bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən prosesdir. Qabaqcıl ölkələrin təcrübəsindən çıxış edərək demək olar ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata və insanların rifahına müsbət təsir göstərir.
Lakin dayanıqlı infrastruktur olmadıqda hədəfə nail olmaq qeyri-mümkündür. Dayanıqlı infrastruktur “rəqəmsal uçurum”un aradan qaldırılmasında mühüm rol oynayır. Gəlin tarixə nəzər salaq.
2018-ci ildə ilk dəfə telefoniya xidmətlərində səs zənglərini, videokonfransları, ani mesajlaşmanı və media paylanmasını dəstəkləyən SIP (Session Initiation Protocol) – Sessiyanın Başlanması Protokolu tətbiq edilib. Hazırda da infrastruktur layihələrinə paralel olaraq abunəçilərin miqrasiyası davam edir. 2006-2020-ci illərdə NGN (Next Generation Networks) yeni nəsil şəbəkə avadanlıqları istismara verilib. Bu tip avadanlıqlar istifadəçilərə müxtəlif xidmət təminatçılarına məhdudiyyətsiz giriş təklif edir. Bu, istifadəçilərə ardıcıl və hər yerdə xidmətlərin göstərilməsinə imkan verəcək ümumiləşdirilmiş mobilliyi dəstəkləyir. Eyni dövrdə DSLAM (Digital Subscriber Line Access Multiplexer) rəqəmsal abunəçi xətti ilə telekommunikasiya xidmətinin (internet xidmətinin)göstərilməsi üçün avadanlıqlar istismara verilib. Ölkəmizdə ilk dəfə 2006-cı ildə ADSL – (Asymmetric Digital Subscriber Line) internet xidmətinin verilməsi üçün rəqəmsal abunəçi xətti və VDSL – (Very high-speed Digital Subscriber Line) yüksəksürətli rəqəmsal abunəçi xətti texnologiyası tətbiq edilib. Bununla da Azərbaycanda internet istifadəçisi üçün məlumatın ötürülməsi adi analoq telefon xətti ilə (mis kabellə), abunəçi qurğusu – ADSL modemi və ATS-də (Avtomat Telefon Stansiyası) bilavasitə abunəçinin xəttində quraşdırılmış multipleksor (ing. DSL Access Multiplexer, DSLAM) vasitəsilə həyata keçirilməyə başlanılıb. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL (Digital Subscriber Line) xətlərini vahid yüksəksürətli magistral şəbəkəyə birləşdirib.
2018-ci ildə transport (daşıyıcı transmissiya avadanlıqları) şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində DWDM (Dense Wavelength Division Multiplexing) kanalların dalğa uzunluğuna görə sıxlaşdırılması avadanlığı, sıx dalğa uzunluğunu bölmə multipleksoru texnologiyasının tətbiqinə başlanılıb. MPLS (Multi Protocol Label Switching) – etiketlərin istifadəsinə əsaslanan çox protokollu şəbəkələrdə sürətli paket keçid texnologiyasının tətbiqi həyata keçirilib. Plana müvafiq olaraq layihənin əsas hissəsi 2023-cü ildə yekunlaşıb. Hazırdatranzit dəhlizlərinin yaradılması ilə birlikdə şəbəkədə genişləndirmələr və müvafiq proqram təminatlarının yenilənməsi həyata keçirilir.
2019-cu ildə “Aztelekom” MMC-nin kommutasiya şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində İMS (IP Multimedia Subsystem) internet protokolu əsasında idarə olunan çoxsaylı giriş şəbəkələrində işləyən və səs trafiki mübadiləsinin idarə edilməsi funksiyasını daşıyan yeni texnologiya tətbiq edilib. Bu texnologiyanın tətbiqinin nəticəsi olaraq kommutasiya şəbəkə sistemlərinin coğrafi baxımdan tam olaraq ehtiyatlanmasi, alternativliyi təmin edilib. Prosesin tamamlanması və tam miqrasiyasının həyata keçirilməsi işləri2025-ci ildə yekunlaşacaq.
2022-ci ildən etibarən “Aztelekom” MMC-nin magistral fiber-optik transport şəbəkəsinin alternativliyinin təmin edilməsi üçün yeni magistral kabellərin tikintisinin davam etdirilməsi üzərində intensiv işlər aparılır. Bu layihənin də 2025-ci ildə yekunlaşması nəzərdə tutulub.
Fürsətlərin doğru dəyərləndirilməsi
Azərbaycanın əlverişli coğrafi mövqeyi və insan potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun üçün münbit şərait yaradır. Qəbul edilən qərarlar mühüm təbii üstünlüklərdən ən yüksək səviyyədə fayda əldə etməyə imkan verib.
Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi rəqəmsal tranzit baxımından ölkəmizin rolunu daha da artırdı. 2023-cü ildən etibarən ölkəmiz Şimal-Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponentinə çevrilib. “Aztelekom” MMC-nin mövcud DWDM/IP-MPLS şəbəkəsində planlaşdırılan genişləndirmələr və müvafiq proqram təminatlarının yenilənməsi, magistral fiber-optik transport şəbəkə sistemləri üzərindən beynəlxalq internet trafikinin daşınması funksiyasının istismarını nəzərdə tutan layihə 2024-cü ildə yekunlaşacaq.
Gələcəyin texnologiyası daha əlçatandır
Ölkənin ən ucqar yaşayış məntəqələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdırmaq məqsədilə 2021-ci ildən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Onlayn Azərbaycan” layihəsinin tətbiqinə başlanılıb. Layihə müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON (Gigabit Passive Optical Network) avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir.
Bu texnologiya internet xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, eləcə də IPTV və digər əlavə xidmətlər göstərməyə texniki imkanlar yaradır. Optik kabel texnologiyasının son trendi hesab edilən GPON texnologiyası texniki olaraq, 1 Gbit/s-dək sürətli internetin təmin edilməsi üçün imkan yaradır. Bu optik texnologiya təbii deformasiyaya dözümlüdür və məlumatı (informasiyanı) ən sürəti şəkildə ünvana çatdırır.