
AZCON Holding şirkətlərindən olan “Aztelekom”
MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm
addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
Yeni tariflər istifadəçilərə müasir rəqəmsal
tələblərə cavab verən daha yüksək sürət, stabil bağlantı və geniş istifadə
imkanları təklif edir. Bu tariflərin tətbiqi, xüsusilə video və yayım platformalarından
istifadə, onlayn oyunlar, məsafədən iş və təhsil, eləcə də eyni anda çoxsaylı
cihazların şəbəkəyə qoşulması kimi gündəlik rəqəmsal ehtiyacların daha keyfiyyətli
şəkildə qarşılanması məqsədi daşıyır.
Yeni 500 Mbit/s və 1000 Mbit/s sürətli tariflərin
istifadəyə verilməsi ölkədə yüksəksürətli internet xidmətlərinin inkişafına
töhfə verməklə yanaşı, həm fərdi istifadəçilər, həm də biznes üçün daha geniş
imkanlar yaradır. Bu da öz növbəsində rəqəmsal iqtisadiyyatın genişlənməsini dəstəkləyir.
Qeyd edək ki, “Aztelekom” son illərdə
ölkənin genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi istiqamətində
ardıcıl investisiyalar həyata keçirib. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində
şirkət ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsini əhəmiyyətli dərəcədə
genişləndirib. Nəticə etibarilə fiber-optik internetin əhatə səviyyəsi təxminən
13 dəfə artaraq ölkə əhalisinin, demək olar ki, 100 faizinə yaxınlaşıb. Eyni
zamanda 3 milyondan çox ev təsərrüfatı və biznes subyekti yüksəksürətli fiber-şəbəkə
ilə əhatə olunub.
Son
illərdə görülən işlər nəticəsində “Aztelekom” ölkə tarixində ilk dəfə 5 beynəlxalq
mükafat qazanaraq “Ən sürətli sabit şəbəkə” daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq
təltiflərə layiq görülüb.