26 iyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Qələbə Zəfərinin əldə olunmasında iştirak etmiş əməkdaşlarla onlayn görüş keçirildi. Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşdə “Aztelekom” MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi və 26 iyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Böyük Zəfərin qazanılmasında iştirak edən əməkdaşları təbrik etdi, onlara can sağlığı və şərəfli əməklərinə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan qüdrətli və nizami ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində işğalda olan torpaqları azad etdi və öz sahibinə qaytardı. O vurğuladı ki, əlbətdə ki, bu qələbənin əldə olunmasında rabitəçi könüllülərin də xüsusi xidmətləri var və sizlər indiki və gələcək nəsillərə nümunə, örnəksiniz. “Aztelekom” Birləşmiş Həmkarlar Komitəsinin sədri Bəylər Qurbanov döyüşlərdə iştirak edən əməkdaşların ölkə başçısının sərəncamı ilə medallarla təltif olunmalarına görə təbrik edərək, onlara gələcək işlərində uğurlar arzuladı və mükafatlandırıldıqlarını nəzərə çatdırdı.
Döyüşlərdə iştirak edərək medallarla təltif olunan əməkdaşlar döyüş xatirələrindən danışdılar və bu gün onlara göstərilən qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdarlıq edərək, bundan sonra da hər zaman Vətənin çağırışına daim hazır olduqlarını bildirdilər.
Qeyd edək ki, İkinci Qarabağ – Vətən Müharibəsində “Aztelekom” ailəsindən 88 nəfər iştirak edib və onlardan bir nəfər ən uca zirvəyə- Şəhidlik Zirvəsinə ucalıb.