“Aztelekom”da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilib
5 iyunda “Aztelekom” MMC-də Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “Daha yaşıl gələcəyə səyahət” adlı tədbir keçirilib.
Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində baş tutan tədbirdə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC və onların tabeli qurumlarının əməkdaşları iştirak ediblər.
Uşaqlar və böyüklər arasında ətraf mühitin qorunması mövzusunda maarifləndirməni təşviq etmək və ekoloji mədəniyyəti yüksəltmək məqsədilə təşkil edilən tədbirdə bir-birimizə və ətraf mühitə qayğı ilə yanaşmağın, təbiətlə harmoniyada yaşamağın vacibliyindən bəhs edilib. Həmçinin əməkdaşların övladları arasında rəsm müsabiqəsi təşkil olunub.
Müxtəlif yaş kateqoriyaları üzrə müsabiqəyə qatılan uşaqlar rəsmlərində ətraf mühitin qorunmasının əhəmiyyətini təsvir ediblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.