“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Ağsu rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Belə ki, Ağsu şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 7483 təsərrüfatdan 4119 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Yenilik, Elabad, Pirhəsənli, Ülgüc, Navahi, Qaraməmmədli, Ağarx, Maşadqanlı, Ərəbuşağı, Daşdəmirbəyli,Bozavand, Qarabağlı,Aratlı Curuğlu,Ağalarbəyli,Çaparlı,Qiyaslı,Gürsulu,Kalva,Suraxanı,Hacıman, Dilman, Xatman, Padar, Padarqışlaq, Kalağaylı, Nəmirli, Bənəcik, Bico, Gəgəli, Ləngəbiz, Kəndoba, Şahbəyli, Rəhimli, Ağabəyli, Cəlayir, Növcü, Yuxarı Növcü, Qaravəlli, İlxıçı, Hacısəmədli, Muradlı, Təklə, Dəllər, Qaraqoyunlu, Ərəbsarvan, Hacıqədirli, Axundlu, Çiyni, Məlikçobanlı, Musabəyli, Xəlilli, Mustafalı,Göydələkli, Ərəbmehdibəy və Qasımbəyli kəndlərində 8925 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 6274 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.