
“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda
ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını
əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.
Filmdə “Onlayn Azərbaycan” layihəsinin
sadə insanların və kiçik biznes sahiblərinin həyatına təsirindən bəhs olunub. Çəkilişlərin
böyük əksəriyyəti Quba rayonunun Xınalıq
kəndində aparılıb. Filmdə kəndin unikal relyefi və zəngin tarixi xüsusi vurğulanıb,
Xınalığı səfər edən turistlərlə müsahibələr təqdim olunub. Eyni zamanda kənd əhalisinin
müxtəlif məşğulluq sahələri işıqlandırılıb, məktəblilər, müəllimlər və yerli sahibkarların
fikirlərinə yer verilib. Xatırladaq ki, əsas operatorlarından biri “Aztelekom”
MMC olan “Onlayn Azərbaycan” meqalayihəsi ölkənin ən ucqar yaşayış nöqtələrində
də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni
asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq
məqsədilə həyata keçirilib. Layihə bərabər rəqəmsal imkanların genişlənməsinə və
rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verib. Belə ki, “Onlayn
Azərbaycan”ın icra edildiyi 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli
internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən
3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin
edilib.
Qeyd edək ki, “TECH4ALL” “Huawei” şirkətinin uzunmüddətli rəqəmsal inteqrasiya təşəbbüsüdür. Əsası 2019-cu ildə qoyulan bu layihə innovativ texnologiyalar və tərəfdaşlıqlar vasitəsilə daha inklüziv və dayanıqlı rəqəmsal dünya qurmağı hədəfləyir.